Əlifbamızda cüzi islahat aparılsa, düşüncə sürətimiz də artar - PSİXOLİNQVİST  

14:14 31.07.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu münasibətlə hafta.az-a müsahibə verən  tanınmış pedaqoq və psixo-linqvist alim,  "Dil və ədəbiyyat” elmi-nəzəri jurnalının  baş redaktoru Tahir Cəfərli bir sıra maraqlı fikirlər səsləndirməklə yanaşı, Azərbaycan dilinin müasir latın qrafikası çatışmazlıqları haqda digər dilçi alimlərin etirazlarına səbəb ola biləcək rəylər irəli sürüb və həmin əlifbada islahatlar aparılması üçün təkliflər verib.

- Tahir müəllim,  1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur...  Azərbaycan gənclərinin, demək olar ki, çox az hissəsi kitab oxuyur, oxuduqları isə çox az həcmli materiallar olur. Digər tərəfdən, gənclərin yazı qabiliyyətləri də çox aşağıdır. Yazılarda hüsnxət yoxdur.  Sizcə niyə belədir, gənclərin çoxu tənbəllik edib əlifbamızı yaxşı qavramır, yoxsa?

-Bilirsiz, mən hesab edirəm ki, bunun səbəbi yeni latın əlifbamızın özündədir. Çünki yazı və oxu sistemimiz dilimizin tələblərinə uyğun gəlmir. Psixolinqvistik nöqteyi-nəzərdən əlifbamızı təhlil etsək, görərik ki, o, tələm-tələsik qəbul edildiyindən Azərbaycan dilinin linqvistik xüsusiyyətləri nəzərə alınmayıb. Nəticədə yeni əlifbamız, sadəcə, Türkiyə qrafikasını Azərbaycan dilinə uyğunlaşdırmaqla formal şəkildə  qəbul edilib...

Təəssüf ki,  XX əsrin 30-cu illərində Türkiyə latın qrafikasını yaradanlar ermənilər olublar və elə hiyləgərliklərə əl atıblar ki, Türkiyə əhalisinin düşünüb-yazmaq qabiliyyətinin sürətini də heçə endiriblər.  Müasir Türkiyə əlifbasını və dilini Akop Maratyan adlı bir erməninin yaratdığını deyirlər. Mustafa Kamal ona "Dilaçar" ləqəbini vermişdi...

 Daha qəribəsi budur ki, Türkiyə Milli məclisində Mustafa Kamala "Atatürk" soyadının verilməsi təklifinin müəllifi də Akop Maratyan olub. Uzun müddət "Türk ensiklopediyası" nın baş redaktoru vəzifəsində çalışıb. Ətrafında olan erməni türkoloq dilçilərin əlifbanın və türk dilinin “avropalaşdırılmasında” “Dilaçar”a yaxın erməni türkoloqlarının böyük rolu olub. “Erməni olasan, türkə zərər verməyəsən? - prinsipindən onların fəaliyyətinə yanaşsaq, həmin hayların gizli şəkildə Türkiyəyə vurduqları zərəri görərik. Bu, hazırda da tətbiqi davam etdirilən Türkiyə latın qrafikasıdır. Onun yaradılmasında iştirak edən fərdlər, türk dilinin leksikologiyası və fonetikasına zidd olan hərifləri türk dilinə uyğunlaşdırmamışlar, əksinə, elə etmişlər ki, türklərin yazı sürəti aşağı ensin. Təbii ki, bu, özünü düşünmə qabiliyyətində də göstərir. Sürəti az olan əlifba ilə yazarkən bu, düşünmədə də tormozlaşma yaradır. Bu məsələ o qədər gözədəyməz olmasa da, maraqlıdır ki, bu günə qədər Türkiyə dilçi-alimləri bu məsələnin mahiyyətini belə, anlamayıblar...

 - Belə çıxır ki, Türkiyədə latın əlifba qrafikasının yaradılmasında yaxından iştirak edən erməni alimlər qardaş ölkəyə qarşı bilərəkdən təxribat ediblər?

 -Bəli... Təəssüf ki, bu, gerçəkdir... Özü də çox gizli və uzunsürəli və müddətli təxribat: insan, bu halda Türkiyə vətəndaşı yazarkən düşünmə sürətini aşağı salmaq... Psixolinqvistik nöqteyi-nəzərdən bu, çox ciddi məsələdir. Yazarkən dayanmalar baş verirsə, bu qeyri-iradi olaraq yazan fərdi düşüncədən yayındırır. Buna psixolinqvistikada tormozlaşma deyilir. Adi dildə desək, belə dil hadisələri insanı düşüncədən yayındırır. Bir sözlə, bu gün Türkiyədə də, Azərbaycanda da tətbiq olunan bu əlifba qeyri-kamildir  və təkmilləşdirməyə möhtacdır... Belə ki, Azərbaycanın ikinci latın qrafikası da islahatlara möhtacdır, çünki Türkiyə əlifbasında buraxılan səhvlər, Azərbaycan qrafikasında da təkrarlanır...

 -Yəni bugünkü yazı sürətlərinin aşağı olması ermənilərin yaratdığı əlifbanın Azərbaycan dilinə tətbiqinin nəticəsidir. Bunu necə izah edə bilərsiniz?

 - Gəlin əlifbamızı psixolinqvistik nöqteyi-nəzərdən təhlil edək. Avropa linqvistlərinin fikrincə, ən mükəmməl qrafikada yazarkən qələmin ucunun vərəqdən ayrılmaması əsas götürülür. Bu baxımdan Avropa xalqları arasında ən mükəmməl sürətli qrafika  ingilis əlifbası sayılır. Onu da qeyd etməliyik ki, ingilis qrafikası bu həddə çatana qədər bir çox islahatlara məruz qalmışdır. Eyni ilə başqa xalqların dillərində də...

 Biz ingilislərin və başqa Avropa xalqlarının  əlifba islahatları ilə o cümlədən Rus qrafikasının təkmilləşməsi ilə bağlı  məsələləri öyrənsək, əlifbanın kamillik prinsipinin nədə olduğunu anlayarıq. Əlbəttə ki, kamil əlifbanın mahiyyəti özünü yazı tempində büruzə verir...

 Bu problemə psixolinqvistik nöqteyi-nəzərdən  yanaşsaq, insanın yazı sürətinin tempi düşünmə sürətindən  geri qalmamalıdır. Yazı tempi nə qədər sürətli olsa, düşüncənin də sürətli olmasına gətirib çıxarar. Başqa sözlərlə desək, düşüncənin məhsuldarlığını artırar. Bu mövqedən psixolinqvistlərin  fikri birmənalıdır: yüksək templi yazı zehni tormozlanmanın qarşısını alır  və düşüncənin  effektivliyini artırır...     

 Əlbəttə ki, Azərbaycan filoloqları digər ölkələrdə olduğu kimi əlifbamızın bütün psixolinqvistik cəhətlərini öyrənməli, sürəkli latın qrafikalarının təcrübələrindən dəyərlənməli və elə etməlidirlər ki, əlifbamız daha da kamilləşsin...

 - Təəssüf ki, Azərbaycanda yeni əlifbaya keçmək həmişə siyasi məzmun daşıyıb və xalqımızın ümumi savad və təhsilə, elmi bilgilərə yiyələnməsi, adi mütailəyə yiyələnməsi baxımından ciddi fəsadlar yaradıb...

 -Təssüf ki, belədir... İndiki əlifba. Şimalı Azərbaycanın dördüncü əlifbasıdır. 1925-ci ildə Latın qrafikasına keçməklə hər şeydən əvvəl ölkədə olan savadsızlığa son qoymaq və Azərbaycan xalqının intellektual  səviyyəsini  qaldırmaq məqsədi güdürdü. Türkiyə respublikası  latın qrafikasına 1928-ci ildə keçsə də onların qrafikası bizimkindən fərqlənirdi. Türkiyə qrafikasından fərqli olaraq, bizim qrafikaya erməni əli dəyməmişdi.

 Azərbaycanın  ziyalılarının qəbul etdiyi latın qrafikasınına keçməklə qısa müddət ərzində savadsızlığa son qoyduq, bundan əlavə xalqın ali təhsilli ziyalılarının sayını birə on artırdıq. Bu illərdən Azərbaycan elminin İntibah dövrü başladı. Bununla belə, onu da qeyd etməliyik ki, yeni əlifba bizi 1300 illik  kitab mədəniyyətinizdən və tariximizdən ayırdı...

-Tahir müəllim, XIX əsrin sonu  XX əsrin əvvəllərində Latın qrafikası ideyasının haradan gəldiyini diqqətlə təhlil edəndə belə bir nəticəyə gəlmək olur ki, bəlkə də bu, türkdilli xalqlar arasında mənəvi-irsi əlaqələrin pozulması məqsədi daşıyan Rusiya  imperiya siyasətinin nəticəsidir. Siz necə düşünürüsüz?

-Bu, düzgün fikirdir. Əski əlifba bütün türkdilli xalqları birləşdirirdi. Rusiya imperiyası xalqlarımızı yumruq kimi birləşdirməyə qadir olan əlifbanı aradan götürmək  məsələsini ortaya 19-cu əsrin sonlarında atdı və müsəlman xalqlarını latın qrafikasına keçirməyi qarşısına məqsəd qoydu.

 Azərbaycanda latın qrafikasını həyata keçirmək tapşırığını Rusiya xüsusi xidmət orqanları imperiyanın  kəşfiyyat polkovniki M.F.Axundova həvalə edib...

 “Əlifba islahatı”  ideyasının arxasında Rusiya imperiyasının türkdilli xalqların tarixi keçmişini öyrənə bilməməsi siyasəti də dayanırdı. Maraqlı bir fakt: indi məlum olur ki, Rusiya Tartariya, yəni türkdilli xalqların ən böyük imperiyasının əsasında 18-ci əsrdə meydana gəlib. Moskvanın özü Tartariyanın bir hissəsi olub. Qərb tarixçiləri açırlar sandığı, tökürlər  pambığı...

 Bizim bəzi filoloq alimlərimiz M.F.Axundovun latın qrafikasına keçməyin təşəbbüskarı kimi qələmə versələr də, həqiqət başqadır. Arxiv materialların təhlil etsək  görərik ki, bu, Rusiya imperiyasının  türkdilli əyalətlərdə həyata keçirdiyi siyasətin bir elementidir. Çünki bu ideya  M.F.Axundovun yox, öncə dediyimiz kimi, Rusiya imperiyasının xüsusi xidmət orqanlarının  tapşırığı kimi qiymətləndirilməlidir...

 İosif Stalinin də Latın qrafikasına start verməsi də bu siyasətin davamı kimi baxılmalıdır. Aydındır ki, onun  sanksiyası olmasaydı, Bakıda türkoloji konfrans keçirilməz və Latın qrafikasına mütləq keçməsinə yol verilməzdi...

Türkiyənin  bu prosesə qoşulması aramızda olan yaxınlığı gücləndirsə də, 1939-cu ildə S.Vurğunun aktiv iştirakı ilə  “Kirill qrafikasına  keçməyimiz ilk növbədə Azərbaycanı Türkiyə və başqa türkdilli ölkələrin yeni mətbuat və kitablarından uzaqlaşdırmaq məqsədi  güdürdü...

Onu da qeyd etməliyik ki, Türkiyədə Latın əlifbasına tələm-tələsik keçdiklərindən əlifbanın yazı mahiyyəti  nəzərə alınmamışdır. İndiki bizim yeni latın  əlifbamızda da  Türkiyənin buraxdığı səhvlər təkrar olunmuşdur. Ən ciddi səhv türk əlifbası ilə yazanların yazı sürətinin düşünçə sürətindən geri qalmasıdır. Bu, psixolinqvistik nöqteyi-nəzərdən ən ciddi  çatışmazlıqdır...

 Odur ki, istər bizim, istərsə Türkiyə əlifbasında  islahatların aparılması məsələsi aktuallaşmalıdır, çünki başqa türkdilli xalqların da Latın qrafikasına keçməsi məsələsi ortaya çıxıb və biz elə etməliyik ki, onların da yazı tempi düşüncə tempindən geri qalmasın...

-Bəlkə məsələnin mahiyyətini açıqlayaq və psixolinqvistik nöqteyi-nəzərindən əlifbamızı araşdıraq?

-Elmi tədqiqatların  nəticələrinə arxalanaraq tam əminliyi ilə deyə bilərik ki, Latın qrafikamız kamil qrafika deyil. Bu səbəbdən  mövcud olan əlifbaların təkmilləşdirmə məsələlərini gündəmə gətirməliyik. Gəlin görək hansı cəhətlərinə görə bu əlifbalar, yəni Türkiyə və Azərbaycan əlifbaları insanların düşünmə qabiliyyətini tormozlaşdırır...

 Azərbaycan ziyalılarının yaratdığı Birinci Latın qrafikasına bunun  dəxli yoxdur, çünki bu əlifba  Azərbaycan dilinin  bütün xüsusiyyətlərini nəzərə alan mükəmməl əlifba idi. Onun yazı sürəti heç də Kiril qrafikasından geri qalmırdı. İkinci  Latın qrafikamız Türkiyə əlifbasının faktiki olaraq əksi olduğundan, ermənilərin yaratdığı və ortaya çıxartdığı qeyri-kamil əlifbanın təkrarıdır. Bu əlifba yazı sürətini aşağı saldığından düşünmə sürətini də heçə endirir. Yazı isə düşüncənin əks etdirən faktdır. Yazı sürəti nə qədər düşüncə sürətinə uyğun gəlsə, fərdin beyin məhsulu daha çox olar, loru dildə desək, daha çox yazı yaza bilər...

 -Belə çıxır ki,  çağdaş Azərbaycan əlifba qrafikasında ilk gözə çarpan və yazıda tormozlanma yaradan faktor: bu əlifbada nöqtələrin çoxluğudur...

-Bu həqiqətən belədir. Biz lazımsız  nöqtələrdən uzaqlaşsaq, əlifbamız daha da  kamil olar. Burada söhbət Azərbaycan əlifbasının həqiqi latın qrafikasına uyğunlaşmasından gedir. Yadınıza M.F.Axundovla  bağlı məşhur əhvalatı salmaq istəyirəm. Ondan soruşurlar:

 - Mirzə, nə ilə məşğulsan?

 O cavab verir:

 -“Peşənbə” sözünün üstünə nöqtələri düzürəm... 

 Aydındır ki, mövcud Türkiyə qrafikasının yaranmasında erməni əlinin olması baxımından onun kamil qrafika olması haqqında fikir yürütmək gülüncdür. Çünki bu qrafikanı yaradan ermənilər türk dilinin yazı xüsusiyyətlərindən xəbərdar olduqlarından İ- nin üstünə nöqtə qoymaqla, Latın İ-sini I etməklə nöqtələrin sayını birə on artırıblar.

 -Bunu necə başa düşək?

 -Əgər türkdilli mətnin bir sətrini təhlil etsəniz, görərsiniz ki, İ hərfinin sayı I hərfinin sayından ən azı on dəfə çoxdur.  Nöqtələrin bolluğu bu qrafikanın yazı sürətini heçə endirir və insanların yazı tempi ilə düşünmə tempi arasında maneə yaradır, yəni yazı yazan İ-ləri üstündə nöqtələri qoymaqla məşğul olduğundan düşünmə tempi də aşağı enir...

 Maraqlı bir fakt: əgər İ-nin üstündəki  nöqtəni götürsək, yazı sürətimiz 7-8 dəfə artar.

 BDU-nun tələbələr arasında apardığımız araşdırmalar bunu sübut edir. Məsələn: bir qrup tələbəyə eyni kitab səhifəsini üzündən köçürtməyi, o biri qrup tələbəyə eyni mətni “i”ləri nöqtəsiz köçürtməyi tapşırıq vermişdik.

Nəticə ağlasığmaz oldu: eyni mətni tam köçürən iki qrup arasında çox ciddi fərq alındı. Mətni tam üzündən köçürən qrupun ümumiləşdirilmiş nəticəsi belə oldu: Mətni olduğu kimi köçürənlər onun 3-də bir hissəsini köçürənə qədər, “i”-nin üstünə nöqtə qoymayan tələbələr səhifəni axıra çatdırırdılar. Bundan əlavə ikincilərin yazı xüsusiyyətində hüsnxət  özünü göstərirdi, yəni birincilərdən fərqli olaraq, ikincilərin yazısında yaraşıq vardı. İkincilər, elə bil, ingilis qrafikası  prinsipləri ilə yazırdılar...

 Əgər biz bu eksperimentin nəticələrinə psixolinqvistika nöqteyi-nəzərindən yanaşsaq, görərik ki, əlifbadakı nöqtələr şagirdlərin düşüncə tərzinin surətini aşağı endirir, tormozlayır və yaddaşının məna əlaqələrini pozur.

 Səbəbi çox sadədir: digər latın qrafikalı Avropa dillərində “İ” hərfinin üstündə nöqtə yoxdur. Avropanın İ-sini  I etməklə, Türkiyə əlifbası faktiki olaraq öz oxucularının beynini tormozlaşmağa vadar edir, çünki türk dillərində İ-li sözlərin tərkibi I-lı sözlərin tərkibindən 8-10 dəfə çoxdur. Bu o deməkdir ki, istər oxuda, istərsə yazıda, əsasən yazıda, tormozlama baş verir və yazan fərd nöqtələri yerinə qoymaqla məşğul olduğundan, düşünmə qabiliyyəti aşağı enir. Aydındır ki, yazı nitqi ilk növbədə düşünmənin əksidir.

Türkiyə əlifbasını yaradan ermənilər İ-nin üstünə nöqtə qoymaqla türk millətinin yazı yazarkən sürətlə düşünmə qabiliyyətini aşağı endiriblər.  Akop Maratyan Türk dili institutunu və ensiklopediyasının rəhbəri olmuş, Stepan Kurtikyan isə türk dilinin qrammatikasını yaradanlardır...

 Onların Türkiyə filologiyasına verdiyi töhfələrə baxmayaraq, xalqın düşüncə qabiliyyətinin aşağı endirmək üçün “İ”-ni “I”, “I”-nı isə nöqtəli “İ” ediblər və Türkiyəyə elə bir zərbə vurublar ki, indiyə qədər türklər nə baş verdiyini belə anlamırlar...

 Türkiyə filoloqları öz əlifbalarını psixolinqvistik nöqteyi-nəzərdən təhlil etsələr, bunu o saat başa düşərlər...

 Bu saat Azərbaycanda təhsilin aşağı enməsi və uşaqların kitab oxumamaqlarının və yazmamaqlarının  səbəbini də əlifbaya bağlamaq olar.   Odur ki, yuxarıda göstərdiyimiz faktları əsas götürərək, biz həqiqi Latın qrafikasının İ-sinə qayıtmalıyıq, sadəcə olaraq İ-ni I –ya dəyişməliyik. Nəticəsi nə olacaq, gəlin ondan danışaq.

 Maraqlı bir fakt. Azərbaycanın birinci latın qrafikasında nöqtəli hərf yoxdur. Odur ki, köhnə əlifbanın  hüsnxəti vardı, həm də yazı sürəti indikinə nisbətdə  beş dəfə güclü idi...

 Əgər təhsilin keyfiyyətini artırmaq istəyiriksə, biz əlifba islahatını həyata keçirməliyik. 50-ci illərin sonunda kiril qrafikasından lazımsız hərflər çıxarıldığı  kimi. O dövrdə əlifbanın islahatı çox böyük effekt verdi.

Hərflərin azaldılması əksinə sürətli yazıya gətirib çıxartdı, yəni yazı sürəti Azərbaycanlıların düşünmə sürətinə də təsir göstərdi...

-Bildiyimizə görə, qrafikanın insanın düşünmə tərzinə təsiri haqqında çoxlu kitablar yazılıb. Yazı sürətinin  düşünmə sürətinə uyğunlaşması hər şeydən əvvəl beyində tormozlanmanın qarşısını  alır, yəqin ki?

- Azərbaycan istəsə, hazırkı latın qrafikalı əlifbasını da təkmilləşdirə bilər. Bunun üçün təkcə “I”(ы) hərfini “İ”(и), “İ”(и) isə “I”(ы) etmək etsək, hər şey qaydasına düşər...

“I”(ы) hərifi  Azərbaycan dilində çox az işlənir, həm də latın dilinin “İ” (и)–sının təkrarıdır. Odur ki, bu kompüterdən başqa kompüterə atanda bizim İ (и)-lər kompüterdə  I(ы)- ya çevirir. Odur ki, bir çox yazılarda çoxlu orfoqrafik səhvlər ortaya çıxır...

-Bəli, bu redaktə işlərində də çətinlik yaratmaqla özünü göstərir...

-“I”(ы) hərifi “ İ”(и) hərifindən on dəfə az işlənən hərifdir. Biz “İ”(и)-ni  “I”(ы) ilə əvəz etsək, yazı sürətini 8 dəfədən çox artırmış olarıq. Çünki belə olduqda şagirdlər nöqtə qoymağa vaxt itirməzlər...

Bundan əlavə ahəng qanuna arxalanıb “İ” hərifini ləğv edə bilərik. Məsələn, ahəng qanuna uyğun olaraq “gəlir” sözündə birinci hecadakı “ə” incə olduğundan ikinci hecada mütləq i səsi olmalıdır. Biz orfoepiya və orfoqrafiyamızda dəyişiklik etməkə belə sözlərdəki “i” səsini “ı” yazmağı və “i” kimi oxumağı qəbul etməliyik.  Belə olduğu halda hərflərin sayı azalsa da, əlifbanın kamilliyi artar...

 -Əlifbada lazımsız hərflərin sayının azaldılması məsələsi bu günə qədər aktual olaraq qalır. Adətən bunu edən ölkələr dillərinin qanunauyğun şəkildə ediblər...

- Bu, doğrudan da  belədir. Məsələn Hind-avropa dillərinin çoxunda bir hərif bir-neçə səsi ifadə edir. Məsələn C.  İngilis və başqa dillərdə bu hərifdən sonra e, i gələrsə S səsini, a, o gələrsə K səsini ifa edir. Rus dilində  Q-dan sonra i, e gələrsə, G səsininə çevrilir. Eyni ilə K da iki səs ifadə edir. Bu əlifbalar  fonetik qanunlarına uyğunlaşdırılmışdır. Azərbaycanda mövcud olan latın qrafikasında bu yoxdur...

 -Azərbaycan dilinin daha hansı fonetik qanunu tətbiq etməklə,  biz  əlifbamızı təkmilləşdirə bilərik?

 - Dediyim kimi, hər şeydən əvvəl Azərbaycan dilinin bu günə qədər dəyişməz qalmasına kömək göstərən ahəng qanununu. Bu qanun İ-nin üstündəki nöqtəni götürə bilər, I hərfini ləğv edər. Qalın saitlər sözdəki vəziyyətindən asılı olaraq oxunar...

Ən əsası  kiçik həriflərlə yazılmış Azərbaycan sözlərini  kompüter  böyütdüklə İ-lər  I-ya  çevrilməz. Məsələn, kiçik hərflə yazdığımız “Baki şəhəri dünyanın ən gözəl şəhələrindən biridir!” cümləsini böyük hərifə çevirsək “BAKI ŞƏHƏRI DÜNYANIN ƏN GÖZƏL ŞƏHƏLƏRINDƏN BIRIDIR” buradakı bütün İ-lər I-laşacaq, çünki  kompüterin dilində İ-hərifinin üstündə nöqtə olmadığından  İ-nı I-laşdırır. Bu hətta kompüterdə yazı yazanın işini  çətinləşdirir. Daha düzünü desək  işini tormozlandırır...